Mayın 10-da Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində Ulu Öndərə aid yeni yaradılmış guşənin önünə toplaşaraq onun əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə Mərkəzin Ambulator yardım və dispanser müşahidə şöbəsi üçün yeni istifadəyə verilmiş otaqlara, avadanlıqlara baxış keçirilib. Eləcə də, qonaqlar Qlobal Fondun dəstəyi ilə alınan İİV-in diaqnostikasında ən son texnoloji qurğu – PZR aparatının iş metodu ilə tanış olub, yeni quraşdırılan stomotoloji qurğuya baxıblar.
Tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini xatırladıb. O bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətimizin tarixində misilsiz rolu var. Ulu Öndərin ölkəmizdə digər sahələr kimi, səhiyyənin, tibb elminin də dinamik inkişafında müstəsna xidmətləri olub. Bu gün ölkə başçısı İlham Əliyev həmin islahatları uğurla davam etdirir.
F.Məmmədov RQMM-in üzərinə düşən vəzifələr, icra edilən işlər haqqında da məlumat verib, İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimləndiyini bildirib: “Sağlamlıq üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun ölkəmizdə yayılmasının qarşısının alınması, bu sahədə çalışanların, eləcə də əhalinin təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılması vacibdir”.
Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ümummilli Liderin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi işlərdən söhbət açıb.
RQMM-in direktor müavini Səbinə Babazadə, Mərkəzin YAP üzrə ərazi ilk partiya təşkilatının sədri Günəş Cəfərova və digər çıxış edənlər vurğulayıblar ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd olunub ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.
Sonda Mərkəzin həyətində ağaclar əkilib, xatirə şəkili çəkdirilib.