Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılmışdır.
Azərbaycan vətəndaşları arasında 2021-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,9%-i, 1987-30.09.2021-ci illər ərzində isə aşkar olunan halların 38,1% inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Respublika Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan vermişdir.
2021-ci ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 522 təşkil etmişdir. Onlardan 510-u (97,7%) Azərbaycan vətəndaşlarında, 12-si (2,3%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 510 yerli sakinlərdən 356-sı (69,8%) kişi, 154-ü (30,2%) qadındır. Bu dövr ərzində, QİÇS mərhələsinə 84 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 64 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.
2021-ci ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 71 nəfər (13,9%) parenteral, 377 nəfər (73,9%) heteroseksual, 49 nəfər (9,6%) homoseksual kontakt nəticəsində, 4 nəfər (0,8%) anadan uşağa ötürülmə yolu ilə yoluxmuşdur. 9 nəfərin (1,8%) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin 9 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7746 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 5404-i (69,8%) kişi, 2342-i (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1928 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1156 nəfər olmuşdur.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 38,1%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 51,0%-də heteroseksual, 3,9%-də homoseksual kontakt nəticəsində, 1,5%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 5,5% -də yoluxma yolu müəyyən edilməmişdir.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6915 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 499 nəfərə müalicə 2021-ci ilin ilk 9 ayı ərzində başlanılmışdır.
2021-ci ilin III rübü ərzində, ölkəmizdə yayılan COVID-19 pandemiyası, İİV-infeksiyası ilə mübarizə sahəsinə təsirsiz ötüşməmişdir.
Tətbiq olunan karantin rejimi, o cümlədən sosial izolyasiya, nəqliyyat məhdudiyyətləri, bir çox tibb müəssisələrinin COVID-19 yoluxmuşlar üçün profilləşdirilməsi, İİV-lə mübarizə xidmətinin də pandemiya ilə mübarizəyə cəlb etmişdir. Belə ki, RQMM-in laborator xidmət bazasında COVID-19-un diaqnostikası təşkil olunmuş və hal-hazırda aparılmaqdadır.
Səhiyyə Nazirliyinin dəstəyi ilə “İİV-lə yaşayan insanlara İİV və COVID-19 barədə nə bilmək lazımdır” adlı xüsusi buklet hazırlanıb və İİV-ə aid digər informasiya materialları ilə əhaliyə paylanmışdır. Eyni vaxtda, RQMM-in mütəxəssilərinin əhalinin ən çox istifadə etdiyi messencerlər vasitəsilə ölkə vətəndaşları və xaricdə yaşayan həmvətənlərimiz üçün 24 saat online konsultasiya təşkil olunmuşdur.
Regionlarla əlaqələrin məhdudlaşdırılması ilə bağlı, regional laboratoriya və ART mərkəzlərinin dərman preparatları, reaktiv və digər materiallar ilə təminatı bilavasitə RQMM-in avtonəqliyyatı ilə aparılmış və ART-preparatların xəstələrə çatdırılması QHT-lər vasitəsi ilə həyata keçirilmişdir.
Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla da əməkdaşlıq davam etdirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi
Ünvan: Mir-Qasımov küç., 1/8
E-mail: office@aids.az
Tel: 012 510 08 69