Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) mütəxəssisləri Dövlət Miqrasiya Xidmətində (DMX) İİV-lə bağlı maarifləndirmə tədbiri keçiriblər.
Tədbirin açılış hissəsində kütləvi maarifləndirmənin zəruriliyindən söz açılıb. Ümumi əhali və risk qrupları arasında görülən işlərdən danışılıb, dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verilib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlər bölüşülüb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu vurğulanıb, bildirib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
İştirakçılar mütəxəssislərin “Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri. İnfeksiya və xəstəliyin idarə olunmasında müasir yanaşmalar”, “RQMM-də göstərilən xidmətlər: müayinələr, TÖP, TSP, anonim müayinə və məsləhət” adlı təqdimatlarını maraqla dinləyib.
Sonda həkimlərə ünvanlanan fərdi suallar cavablandırılıb.