– Səbuhi müəllim, ilk öncə ölkəmizdə İİV infeksiyası (İnsanın İmmunçatışmazlığı Virusu) ilə bağlı vəziyyət barədə məlumat verərdiniz…
– Azərbaycanda İİV-in aşkarlandığı ilk illərdə xəstəlik əhalinin risk qruplarına aid xüsusilə də inyeksion narkotik istifadəçiləri arasında geniş yayıldı. Ölkəmizdə risk qrupları ilə aparılan zərərin azaldılması proqramları nəticəsində inyeksion narkotik istifadəçiləri arasında İİV-ə yoluxanların sayının 2 dəfə azalmasına nail olunub.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin risk qrupları arasında həyata keçirdiyi məqsədli fəaliyyəti sayəsində Azərbaycanda epidemiyanı təmərküzləşmiş səviyyədə və daxil olduğumuz Şərqi Avropa və Mərkəzi Asiya regionunun ölkələri arasında son yerlərdə saxlamaq mümkün olub. Eyni zamanda, Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İİV üzrə göstəricilərdən asılı olmayaraq, xəstəyə yoluxmanın aşkarlandığı vaxtdan, antiretrovirus terapiya proqramına cəlb olunması üçün təminat təşkil olunub.
– İİV infeksiyasına qarşı hansı profilaktik tədbirlər tətbiq edilir?
– İİV-lə mübarizə sistemində xəstələrin aşkarlanmasından başlayaraq, müalicəyə cəlb olunmaları və hətta onun davam etdirilməsi profilaktika tədbirlərinə aiddir.
Beləliklə, Mərkəz tərəfindən İİV-ə yoluxanların erkən aşkarlanması, dərhal antiretrovirus terapiyasına cəlb edilməsi, müalicənin davamlılığının təmin edilməsi, əhalinin İİV-lə bağlı biliklərinin artırılması və bu biliyin əsasında davranışların tənzimlənməsi, onun müşahidə dövrünün hər bir mərhələsində sağaldılması ilə yanaşı, yoluxdurmaq imkanlarını azaldaraq, profilaktika tədbirləri həyata keçirilir. Həmçinin, Mərkəzin cəmiyyətdə stiqma və diskriminasiya ilə bağlı aparılan mübarizə tədbirləri də xəstələrin müayinələrdən yayınmasını əngəlləyərək müalicəyə erkən cəlb olunmalarına sövq edir, İİV-in yayılmasının qarşısının alınmasına xidmət göstərərək profilaktik xarakter daşıyır.
– Könüllü müayinə və məsləhətləşmə (KMM) məntəqələri necə təşkil edilib?
– Səhiyyə Nazirliyinin müvafiq əmrilə respublikada stasionar Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsi yaradılıb.
Könüllü müayinə və məsləhətləşmə məntəqələri stasionar və mobil şəkildə təşkil edilib. Bu strukturlar əhalinin geniş əlçatanlığını nəzərə alaraq, ambulator poliklinika tipli müəssisələrdə şəxsin dini, irqi, milliyəti və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, ona İİV-lə bağlı məlumatı təqdim edir, İİV-ə müayinə aparır və nəticə etibarilə müvafiq tövsiyələr verir. Xidmət anonim formada də aparılır. Burada məqsəd erkən aşkarlama və maarifləndirməyə xidmət edir. Bununla yanaşı, eyni məqsədlə respublikada mobil Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsi də fəaliyyət göstərir. Ümumilikdə12 mini avtobus bazasında yaradılaraq, müxtəlif marşrutlarda ixtisaslı Könüllü müayinə və məsləhətləşmə məntəqələri xidməti göstərilir. Mobil şəbəkənin əsas təyinatı, cəmiyyət üçün qapalı olan və yoluxmaya yüksək risk təşkil edən əhali qrup nümayəndələri arasında müayinə və məsləhətləşmənin aparılması məqsədini daşıyır.
– İİV infeksiyasının profilaktikası məqsədilə əhali arasında hansı işlər aparılır?
– İİV-ə yoluxmanın profilaktika sahələrinin təhlili, əhalinin təlimləndirilməsi üzrə fəaliyyətin ən təsirli üsul olduğunu təsdiq edib. Bu metodika müxtəlif istiqamətlərdən hər bir insanda biliklərin artırılması, davranışın tənzimlənməsi, təsadüfi əlaqələrdən qorunmasına imkan verir.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi risk qrupları ilə yanaşı ümumi əhali arasında da maarifləndirici tədbirlər həyata keçirir. Belə ki, əhalinin sıx toplaşdığı məkanlarda, iri ticarət mərkəzlərində, eyni zamanda paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında sisiləsilsilə tədbirlər və kütləvi müayinə aksiyaları təşkil olunur. Bundan əlavə, İİV infeksiyası ilə mübarizədə profilaktik tədbirləri əyani tərzdə baxımlığını gücləndirmək məqsədilə müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində ictimai nəqliyyat dayanacaqlarda, mübadilə mərkəzlərində və digər yerlərdə Mərkəz tərəfinən hazırlanan maarifləndirici materiallar (video, şəkil və s.) gün ərzində nümayiş etdirilir.
Ümumi müalicə müəssisələri şəbəkəsi üçün Mərkəz tərəfindən “İİV-ə yoluxmanın aşkarlanması və profilaktikası üzrə” metodiki vəsaiti tərtib edilib. Eyni zamanda, tibb müəssisələrində xəstəxanadaxili infeksiyanın yayılmasının pofilaktikası məqsədilə universal təhlükəsizlik qaydaları işlənilib və çap edilərək gündəlik istifadə üçün tibb müəssisələrində yayımlanıb.
– Bilmək istərdik ki, bu virusa yoluxmanın qarşısını necə almaq olar?
– Virusa yoluxmanın qarşısını almaq üçün ilk növbədə yoluxma yolları barədə məlumatlı olmalıyıq. İnsanlara təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunur. Bununla yanaşı, xüsusilə ana bətnində yoluxmanın qarşısını almaq məqsədilə hamilə qadınların İİV-ə müayinəsi, İİV-ə yoluxan hamilələrin müalicəyə sadiqliyi tövsiyə olunur.
Həmçinin, İİV-ə yoluxmanın qarşısının alınmasında təmasdan öncəki və sonrakı profilaktikanın böyük əhəmiyyəti var.
Əgər bir şəxsin İİV-ə yoluxma riski varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona təmasdan sonrakı profilaktika təyin olunur. https://sehiyye.gov.az/