İyunun 1-də Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional meneceri Dumitru Latiçevski ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir: “Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.
Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Dumitru Latiçevski Qlobal Fond ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəklədiyini bildirib. Dumitru Latiçevski həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda Insanın Immunçatışmazlığı Virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP) adlı pilot layihənin icrasına başladı: “Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.