Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, habelə tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.
Həmçinin Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirin davamı olaraq, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) tibb işçilərinin peşə bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış tibb elmi xadimləri iştirak ediblər.
Əvvəlcə ölkənin tibb tarixini əks etdirən muzeylə tanışlıq olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tədbirdə səhiyyə naziri Teymur Musayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara vacib və nəcib peşələrində uğurlar arzulayıb: ”Belə əlamətdar günlərin qeyd edilməsi hər hansı bir peşə sahiblərinə cəmiyyətin verdiyi yüksək dəyərin ifadəsidir”.
Teymur Musayev vurğuladı ki, bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Onun sözlərinə görə, Tibb İşçiləri Günü Azərbaycanın tibb ictimaiyyətinə ümummilli lider Heydər Əliyevin hədiyyəsidir. Eyni zamanda, Ulu Öndərin Azərbaycan səhiyyəsinə, tibb işçilərinin fəaliyyətinə yüksək qiymət verməsinin göstəricisidir. Bildirildi ki, məhz 17 iyun tarixində Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi yaradılıb: “105 illik bir dövrdə Azərbaycan səhiyyəsi şərəfli və çətinliklərlə dolu bir yol keçib, hər bir tarixi mərhələdə ona həvalə olunmuş missiyanı peşəkarlıqla yerinə yetirdi”.
Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd olunub ki, əksər böyük tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıdıblar: “Bu gün də ölkəmizdə tibb işçilərinə həmin münasibət, yüksək dəyər verilir. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, beynəlxalq standartlar əsasında qurulması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib”.
“Son üç ildə Azərbaycan tibb işçiləri iki sınağdan uğurla çıxdılar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Digər imtahan isə işğal olunmuş ərazilərimizin azad edilməsi üçün 44-günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaş idi. Azərbaycanın tibb işçiləri ordusu hər bir yaralının xilası, normal həyata qayıtması uğrunda güvvələrini səfərbər edərək yüksək əzmkarlıqla şücaət göstərdilər və bu gün də çalışmaqdadırlar.
Əfsuslar olsun ki, həkimlik andına sadiq qalan, hər bir xəstənin, yaralının həyatına öz həyatı kimi münasibət bəsləyən tibb işçilərimiz arasında həm pandemiya dönəmində, həm də Vətən müharibəsində itkilərimiz oldu. 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Xalqımızın sağlamlığının qorunması naminə səhiyyə, tibb elmi və tibb təhsili sahəsində yorulmadan çalışan hər kəsə fədakar əməyinə görə təşəkkürümü bildirirəm”, – deyə Teymur Musayev vurğuladı.
Tibb ictimaiyyətinin adından çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş direktoru Lətif Zeyniyev və “Mediland Hospital”ın baş həkimi Günel Əliyeva vurğuladılar ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz müsbət bəhrəsini verdi. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır və müasir avadanlıqlarla təchiz olunur.
Tədbirdə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanla təltif olunanları nazir təbrik edib.
Sonda ulu öndər Heydər Əliyevin milli səhiyyənin inkişafındakı rolundan bəhs edən “Sağlam siyasət” adlı sənədli film nümayiş olunub.