Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 56-cı iclası keçirilib.
Məqsəd İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondunun maliyyə dəstəyi ilə respublikada həyata keçirilən və Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu İİV/Vərəm qrantı çərçivəsində cari ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və fəaliyyətlər haqqında məlumatın verilməsidir.
İclasda Səhiyyə Nazirliyinin və aparıcı səhiyyə qurumlarının məsul şəxsləri, ÖƏK-ə üzv olan və beynəlxalq təşkilatların əməkdaşları, həmçinin vərəm və İİV-lə mübarizə üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edib. Qlobal Fondun ölkəmizə verdiyi dəstəyi və tövsiyələrini yüksək qiymətləndirən N.Zeynalov nazirlik tərəfindən görülmüş işlər barədə qısa məlumat verib.
İclasda ÖƏK Katibliyi tərəfindən iyun-avqust aylarında ÖƏK-in fəaliyyəti çərçivəsində görülmüş işlər barədə, eyni zamanda qrantın Əsas Resipiyenti Səhiyyə Nazirliyi, sub-resipiyent qurumlar olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qrant çərçivəsində görülmüş işlər barədə təqdimatlar olub.
İclas müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.