Xətai rayonundakı 171 nömrəli məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbir məktəbin yuxarı sinif şagirdlərinin çıxışları ilə başlayıb. Narkomaniya ilə bağlı təbliğat xarakterli kiçik səhnəciklər təqdim olunub.
Sonra rayon polis şöbəsinin rəisi narkomaniyanın insanlara mənfi təsiri, onun törətdiyi amansızlıqlar barədə məlumat verib. Bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalıdır.
Tədbirdə çıxış edənlər nakomaniyanın acı fəsadlarından, narkotik təsir altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə faciələrindən söhbət açıb, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyan, törətdiyi fəsadlarla bağlı öz fikirlərini səsləndiriblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionist həkimi Emilya Şahbazova isə narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verib. Virusa yoluxma halları, qorunma və müalicə üsullarından danışan həkim qeyd edib ki, xəstəliyə və virusa qarşı vaksin və tam müalicə mövcud deyil. Lakin vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bilər.
Sonda şagirdlərin maraqlandıran suallara aydınlıq gətirilib.