Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayonundakı 2 məktəb liseyin, 6 tam orta məktəbin və 1 texniki peşə məktəbin şagirdləri üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri keçirilib.
“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil olunan, müəllim və X-XI sinif şagirdlərin iştirak etdiyi tədbirlərdə sağlam həyat tərzi təbliğ olunub.
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisi Telman Məhərrəmov İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətirib. Həkim gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu və nəticədə ölüm riskinin artdığını diqqətə çatdırıb.
Şagirdlərə, həmçinin İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.