Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qarabağ Regional Təhsil İdarəsi ilə birgə orta məktəblərdə maarifləndirici aksiyaya başlayıb. Martın 13-də ilk tədbir Bakının Kürdəxanı qəsəbəsindəki Şuşa rayon 7 nömrəli tam orta məktəbdə keçirilib.
“QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər. Məqsəd onları Qazanılmış İmmun Çatışmazlığı Sindromu barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq və sağlam həyat tərzinin təşviqi idi.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Emilya Şahbazova çıxışında şagirdləri narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı məlumatlandırıb.
Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan həkim şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb.
Tədbirdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğu bildirilib.
Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.