Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ofisinin təşkilatçılığı ilə “İİV-ə həssas əhali qrupu nümayəndələri arasında Bioloji Davranış Dəyişiklikləri üzrə tədqiqatın aparılması və İİV məlumatlarının təhlili” mövzusunda təşkil olunan seminar 3-cü gündür ki, öz işini davam etdirir.
Seminarın gedişində müxtəlif ölkələrin təcrübələri müzakirə edilib, qabaqcıl təcrübələr təqdir olunub, risk qrupları arasında həyata keçirilən İBBS, PSE tədqiqatlarının təkmilləşdirilməsi üzrə dinləmələr və işçi qrupları arasında əyani çalışmalar aparılıb. Azərbaycan heyətinin təqdimatını iştirakçılar maraqla qarşılayıb, verilən suallar cavablandırılıb. Mütəxəssislər seminarın əhəmiyyətini yüksək dəyərləndirib və İİV infeksiaysına qarşı ölkə üzrə cavab tədbirlərinin hazırlanmasında vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tədbirə 15-dən artıq Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin İİV-lə mübarizə sahəsində çalışan aparıcı mütəxəssisləri, Ümumdünya Səhiyyə Təşkilatının, Qlobal Fondun əməkdaşları, Kaliforniya Universitetinin professorları və qeyri-hökümət təşkilatlarının təmsilçiləri də daxil olmaqla 70-dək qonaq dəvət edilib. Seminarda Azərbaycanı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil edirlər.