05 Oktyabr 2024 | 00:41
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları

Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları

  • Əsas səhifə
  • -
  • Əmrlər
  • -
  • Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları
Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları

   İİV-infeksiyası insanın immunçatışmazlığı virusu (İİV) ilə yoluxması nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən, uzun müddətli gedişata malik olan infeksion xəstəlikdir. İmmun sisteminin getdikcə artan çatışmazlığı opportunistik infeksiyaların ağır formalarının inkişafına yol açır və onların nəticəsində xəstəni ölümə gətirir.  

Əhalinin sağlamlığının qorunması sahəsində İİV-infeksiyasının yayılmasının qarşısının alınması və onun sosial-iqtisadi nəticələrinin aradan qaldırılması Azərbaycan Hökumətinin prioritet vəzifələrdən biridir.

Bu baxımdan xəstəliyin profilaktikası, xüsusilə də riskli qruplarda, mühüm əhəmiyyət kəsb edir. Belə qruplara tibb işçiləri də aiddir. Onlar vəzifə borclarını yerinə yetirərkən qanda inkişaf edən virus infeksiyaları ilə (İİV, hepatit B, C və s.) yoluxma təhlükəsinə məruz qalırlar.

İş yerlərində yoluxmaların əsas səbəbi inyeksion iynələrlə zədələnmə təhlükəsidir. Bu hallara daha çox orta tibb işçiləri arasında rast gəlinir. Həkimlər arasında belə hallar invaziv müdaxilə edənlərdə müşahidə olunur (cərrahlar, stomatoloqlar, mama-ginekoloqlar və.s). Kəsilmiş zədələr daha yüksək təhlükəli yoluxma qapısı hesab edilir, belə ki, yara dərin olduqda yoluxmuş qanın sağlam insanın qanına keçməsi xeyli asanlaşır.

Şüşə qabların, sınaq şüşələrinin sınması nəticəsində təsadüfi zədələnmə halları daha çox laboratoriya işçilərinə xasdır. Tibb bacıları, həkim və laboratoriya işçiləri arasında zədəalma halları, müvafiq olaraq, 47%, 34% və 18% təşkil edir.

Ümumiyyətlə, tibb heyətinin yoluxması nadir hallarda baş verir və iş yerində yoluxma saylarının 0,1%-nı təşkil edir. İnyeksion iynə ilə zədələnmə nəticəsində yoluxma ehtimalı: İİV-infeksiyasında – 0,3%, C viruslu hepatitdə – 7%, B viruslu hepatitdə – 30% kimi qiymətləndirilir. Selikli qişa və zədələnmiş dəriyə düşən yoluxmuş materialla təmasın müddətinin artması ilə yoluxma ehtimalı da yüksəlir. Yoluxmuş materialın sağlam, zədələnməmiş dəriyə düşməsi nəticəsində İİV-ə yoluxma halları qeydə alınmamışdır.

Lakin İİV-li xəstələr iş yerində yoluxmaya real imkan yarada bilər. Buna görə, tibb müəssisələrində universal və spesifik profilaktika tədbirlərinin həyata keçirilməsi əməkdaşların sağlamlığının qorunmasında vacib və zəruri hesab olunur.

İİVinfeksiyası barədə ümumi anlayış

İİV-infeksiyası – insanın immunçatışmazlığı virusu ilə yoluxması nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən, uzun müddətli gedişata malik olan infeksion xəstəlikdir.

QİÇS (Qazanılmış  İmmunçatışmazlığı Sindromu)-İİV-infeksiyasının terminal mərhələsidir. O, İİV-infeksiyası fonunda inkişaf edən və CD4-limfositlərin sayının proqressiv azalması, çoxsaylı opportunistik infeksiyaların və qeyri-infeksion xəstəliklərin meydana çıxması ilə xarakterizə olunur.

İİV hüceyrəyə daxil olduqdan sonra hüceyrənin genetik materialları ilə birləşir və uzun müddət (illər) ərzində özünü birüzə vermir. Bu müddət ərzində İİV-ə yoluxmuş insanlar özlərini sağlam hesab edir və heç nədən şikayət etmirlər. Lakin buna baxmayaraq, onlar İİV-i başqalarına yoluxdura bilirlər. Buna görə də İİV/QİÇS-lə mübarizədə virusun başqalarına ötürülməsinin qarşısının alınması profilaktikanın əsas məqsədidir.

İİV-ə yoluxma yolları

 İİV-infeksiyanın mənbəyi – xəstəliyin bütün mərhələlərində olan İİV-ə yoluxmuş insandır.  İİV-ə yoluxmuş insanın bütün bioloji mayelərində virus aşkar olunur. Virusun miqdarı ən çox olan mayelər: qan, sperma, uşaqlıq yolunun ifrazatı, ana südü, onurğa beyninin mayesidir. Sidik, nəcis, tər, ağız və burun suyu, göz yaşı, bəlğəm və qusuntuda virus xeyli az miqdarda qeyd olunur.

İİV-ə yoluxma üç yol ilə baş verə bilər:

  1. Cinsi – İİV-ə yoluxmuş insan ilə homoseksual və heteroseksual kontakt vasitəsilə;
  2. Parenteral – İİV-li qanın və ya qan preparatlarının köçürülməsi zamanı, İİV-li mayeyə bulaşmış tibbi ləvazimatın istifadəsi zamanı; o cümlədən, narkotik maddələrin inyeksiya şəklində istifadəsi zamanı; İİV-ə yoluxmuş donor orqanlarının transplantasiyası zamanı.

III. Perinatal – İİV-ə yoluxmuş anadan uşağa hamiləlik və doğuş zamanı (vertikal yol); İİV-ə yoluxmuş anadan uşağa ana südü ilə qidalanma zamanı (horizontal yol).

IIV-ə yoluxmuş insanla məişətdə bir evdə, işdə, yığıncaqlarda adi təmasda olmaq ailə üzvləri, dostları, həmkarları üçün heç bir təhlükə yaratmır.

Aşağıda sadalanan təmas növləri vasitəsilə virusa yoluxmaq mümkün deyil:

-əl verib salamlaşma;

-qucaqlaşma;

-adi öpüş;

-öskürmə;

-asqırma;

-ümumi telefondan istifadə etmə;

-xəstəxanaya getmə;

-qapıları açıb-örtmə;

-birgə yemək yemə;

-eyni qab-qacaqdan istifadə etmə;

-tualet və duşdan istifadə etmə;

-ümumi hovuzlarda çimmə;

-ağcaqanad və başqa həşaratların dişləməsi ilə.

QİÇS və iş yerləri

 İİV-infeksiyasına yoluxma təhlükəsi mütəxəssislərin əksəriyyəti üçün iş yeri ilə bağlı deyildir. Lakin, tibb müəssisələrinin əməkdaşları, xüsusən də laboratoriya işçiləri, xəstəxana tullantılarını yığan işçilər, “təcili yardım” heyəti, qan və ya başqa yoluxmuş mayelərlə üzləşə bilən digər mütəxəssislər üçün təhlükə ehtimalı realdır. Dərinin iynələrlə və digər alətlərlə zədələnməsi, qanın gözə düşməsi – bu şəxslərin vəzifə borclarını yerinə yetirərkən üzləşə biləcəyi təhlükələrdən hesab olunur.

Tibb müəssisələrində personalın yoluxma təhlükəsi

         Həkimlər və orta tibb heyəti hər gün infeksion və qeyri-infeksion faktorların təsirinə məruz qalırlar. Yoluxması parenteral yol ilə baş verən 30-a yaxın infeksion xəstəlik tibb heyətində professional kontakt nəticəsində inkişaf edə bilər. Tibb işçiləri arasında qeyd edilən xəstələnmə hallarının sayı xəstəliklərin subklinik, silinmiş, simptomsuz formalarının çoxluğu və eləcə də, özünə müalicə halları ilə əlaqədar həqiqətə uyğun deyil. Professional infeksion patologiyanın daha çox rast gələn formaları – B və C viruslu hepatitlərdir. Həmin hepatitlər ilə potensial yoluxma təhlükəsi bütün tibb işçiləri üçün mövcuddur. Əsas yoluxma riski – virus ilə kontaktda olmuş tibbi ləvazimat ilə dəri səthinin zədələnməsidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tibb işçilərinin professional zədələnmələrinin əksəriyyətini (78%) inyeksiyalar təşkil edir.

İİV-infeksiyasına yoluxan insanların sayı artdıqca onlara tibbi xidmət  göstərən tibb işçilərinin İİV-ə yoluxma ehtimalı da artır (xüsusilə “seroneqativ pəncərə” zamanı).

İİV-infeksiyasının profilaktikası məqsədilə universal təhlükəsizlik tədbirləri

 Universal təhlükəsizlik tədbirləriqan və başqa bioloji mayelərlə kontakt zamanı ötürülən infeksiyaların pasientlə tibb işçisi arasında ötürülmə riskinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksidir.

Qanla ötürülən infeksiyaları olan bütün pasientlərin aşkarlanmasının qeyri mümkün olmasını nəzərə alaraq, tibb işçilərinin İİV-dən və hepatit viruslarından qorunması üçün aşağıdakı prinsiplər əsas götürülməlidir

  • bütün pasientlərə potensial yoluxmuş kimi yanaşmaq;
  • bütün pasientlərin qan və bioloji mayelərini potensial yoluxmuş kimi qəbul edərək, onlarla işləmə zamanı hər dəfə müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmək.

Universal təhlükəsizlik tədbirlərinin təmin olunmasına dair tibb müəssisələrinin rəhbərlinə tövsiyələr

 İşə qəbul olunarkən tibb personalına ilk təlimin keçirilməsinin və sonralar bütün tibb heyətinə İİV-infeksiyasının və qan vasitəsilə yoluxan digər infeksiyaların epidemiologiyası, yoluxma yolları, profilkatikası üzrə təlimin keçirilməsinin təmin edilməsi. Pasiyentlərin qanı və başqa mayelər ilə iş görərkən universal təhlükəsizlik tədbirlərinin riayət olunmasına nəzarət;

  1. İİV və digər qanla ötürülən patogen mikroorqanizmlərin yoluxma riskinin minimuma salınması üçün işçilərin tələb olunan ləvazimat və avadanlıqla təmin olunması;
  2. Tövsiyə olunan qoruyucu tədbirlərin icrasına nəzarət edilməsi. Qaydaların pozulduğu hallarda təkrar təlimlərin aparılması, zəruri olduqda qaydaların təkrar və kobud pozulmasına görə inzibati cəzanın tətbiq edilməsi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan universal təhlükəsizlik tədbirləri

Universal təhlükəsizlik tədbirləri qanla və digər bioloji mayelərlə ötürülən infeksiyalarla tibb işçilərinin və pasiyentlərin yoluxma riskinin azaldılmasına yönəldilib. Qanla ötürülən patogen mikrooqanizmlərlə yoluxanların hamısını aşkar etmək mümkün olmadığından, tibb işçilərinin və pasiyentlərin İİV-dən və hepatit viruslarından müdafiəsi üçün bütün tibb işçilərinin və pasiyentlərin bu viruslara yoluxmuş hesab olunması konsepsiyasına əsaslanmaq lazımdır.

Qanı və digər bilolji mayeləri infeksion təhlükəli hesab etmək lazımdır və, onlarla iş zamanı daimi olaraq ehtiyat tədbirlərinə riayət olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı qanla ötürülən infeksiyalardan, o cümlədən İİV-infeksiyasından tibb işçilərini və pasiyentləri müdafiə etmək üçün, infeksiyaların yayılmasının profilaktikası üzrə aşağıdakı universal təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir:

  • Manipulyasiyalardan qabaq və sonra əlləri sabunla yumaq;
  • Qanla və digər bioloji mayelərlə bilavasitə kontakt zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək – əlcəklər, xalatlar, önlüklər, maskalar və eynəklər;
  • Çirklənmiş alət və ləvazimatları dezinfeksiya etmək;
  • Çirklənmiş çamaşırları düzgün yığışdırmaq və zərərsizləşdirmək;
  • İnyeksiyalar üçün yalnız yeni birdəfəlik iynə və şprislərdən istifadə etmək;
  • Birdəfəlik alətlər olmadıqda, təkrarən istifadəsi mümkün olan alətlərdən yalnız onların steril olması sənədlə (sənəddə sterilizasiya vaxtı, temperatur və buxarın təzyiqi qeyd olunmalıdır) təsdiq olunduqdan sonra istifadə etmək;
  • İstifadə olunmuş iynələri dərhal (hətta mühafizə qapaqları taxılmadan) təhlükəsizlik konteynerlərinə tullamaq; Sərt və su keçirməyən materialdan hazırlanmış konteyner ¾ hissəsinə qədər doldurulmalı, germetik bağlanmalı və utilizasiyaya göndərilməlidir.
  • İnvaziv müdaxilələr üçün istifadə edilən alətləri sterilizasiya olunması sənədlə təsdiq olunduqdan sonra istifadə etmək.

Tibb müəssisələrində peşə kontaktları riskinin azaldılması

 1.Əsas profilaktik tədbirlər və iş yerlərində təhlükəsizlik texnikası qaydaları.

Qanla ötürülən törədicilərlə yoluxmuş maddələrlə təmasdan qorunmaya yönəldilmiş standart ehtiyat tədbirlərindən əlavə, iş yerlərində təhlükəsizlik qaydaları müəyyənləşdirilməli və onlara ciddi riayət olunmalıdır. Qanla ötürülən infeksiyalara yoluxmaq təhlükəsini yaradan təsadüfi zədələnmələrdən və təmaslardan qorunmaq lazımdır.

Tibb müəssisələrində aşağıdaki göstərişlərə riayət olunmalıdır:

  • Təhlükəsizlik tədbirlərinə riayət olunmasına nəzarət və onların gücləndirilməsinə yönəlmiş proqramlar işlənib hazırlanmalı və tətbiq edilməlidir;
  • Bioloji mayelərin, ilk növbədə qanın təsədüfi sıçraması və ya tökülməsi hallarında, onların düzgün xaric edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması qaydaları ilə nəzəri və praktik cəhətdən tanışlıqdan sonra tibb heyəti iş prosesində bioloji mayelərlə təmas ehtimalı olan işlərə buraxılmalıdır;
  • Qan və digər təhlükəli bioloji mayelər axıdılmasına, dağıdılmasına və sıçradılmasına mümkün qədər yol verilməməlidir;
  • Qan və digər təhlükəli bioloji mayelər avadanlıq və ya otaqda olan səthlərin üzərinə düşdikdə, onların dərhal sanitar işlənməsi aparılmalıdır;
  • Müayinə üçün nəzərdə tutulmuş təhlükəli bioloji maddələr markalanmış germetik konteynerlərdə saxlanılmalıdır. Bu konteynerlərdə maddələrin yığılması, manipulyasiyası, müayinəsi, saxlanılması, daşınması və nəqli zamanı onların itkisinə yol verilməməlidir. Bir konteyner zədələndikdə və ya çirklənmiş olduqda, əlavə konteyner istifadə olunmalıdır.
  • Əllərin yuyulması:
  • Əllər və digər açıq hissələr manipulyasiyadan qabaq və sonra, o cümlədən əlcəklərin və digər fərdi qoruyucu vasitələrin (paltar daxil olmaqla) çıxardılmasından sonra, sabunla yuyulmalıdır;
  • Qanla, digər təhlükəli bioloji maddələrlə və ya çirklənmış səthlərlə təmasdan dərhal sonra  əllər axar su və sabunla  yuyulmalı, selikli qişalar isə yaxalanmalıdır;
  • Axar su olmadıqda, antiseptik məhluldan və təmiz dəsmallardan və ya antiseptik salfetkalardan istifadə olunmalıdır, lakin imkan yaranan kimi əllər  axar su altında sabun ilə yuyulmalıdır;
  • Əgər əldə zədələr varsa (məsələn, kəsiklər), əlcək geyməzdən əvvəl onlar müvafiq qayadalara uyğun işlənilməlidir.

 

  • Çirklənmiş camaşırla davranış qaydaları:
  • çirklənmiş camaşırlarla təmas mümkün qədər qısa müddətli olmalıdır;
  • çirklənmiş camaşırları yığdıqda əlcək geyinməli və möhkəm, su keçirməyən torbalardan istifadə olunmalıdır;
  • çirklənmiş camaşırlar olan torba və konteynerlərin üzərinə mütləq etiketlər yapışdırılmalıdır;
  • çirklənmiş camaşırlar isti su və yuyucu vasitələr ilə yuyulmalıdır.
  • Bütün təhlükəli tullantılar ağzıbağlanan və suburaxmayan konteynerlərə yığılmalıdır.

Bundan əlavə tibb işçilərinə qadağandır:

  • peşə ilə əlaqədar yoluxma təhlükəsi olan iş sahələrində yemək, içmək, siqaret çəkmək, makiyaj etmək, kontakt linzaları taxıb çıxarmaq;
  • soyuducularda, şkaf və rəflərdə qan və digər təhlükəli biloloji materiallarla birgə içki və ərzaq məhsullarını saxlamaq;
  • qan və başqa təhlükəli mayeləri ağızla pipetkalara sovurmaq;
  • çirklənmiş şüşə  qırıntılarını əl ilə yığmaq;
  • işlədilmiş və çirklənmiş iynə və iti uclu alətləri əl ilə çıxarmaq, qapaq    taxmaq, əymək və  sındırmaq;
  • işlənmiş iynə və şprislər olan konteynerlərdən əl ilə nə isə götürmək, konteynerləri əl ilə açmaq, boşaltmaq və yumaq.

Qoruyucu avadanlıq və vasitələr

Bütün tibb müəssisələrində qoruyucu və nəzarət vasitələri istifadə olunmalıdır.

  Qan və digər bioloji mayelərlə kontaktda olan tibb işçiləri aşağıdakı qoruyucu vəsaitləri ilə təmin olunmalı və onlardan istifadə etməlidirlər:

  • əlcəklər;
  • su buraxmayan xalatlar;
  • maskalar, eynəklər, ekranlar.

İynə və şprislər ilə iş zamanı təhlükəsizlik tədbirləri:

  • inyeksiyalar üçün  hər dəfə yeni birdəfəlik iynə və şprislərdən, digər manipulyasiyalar zamanı isə birdəfəlik alətlərdən istifadə olunmalıdır;
  • birdəfəlik alət olmadıqda, təkrarən istifadəsi mümkün olunan alətlərin istifadəsinə yol verilə bilər, lakin onların sterilizasiya proseduru (vaxt, temperatur və təzyiq) sənədlə təsdiq olunmalıdır;
  • venadaxili manipulyasiya zamanı iynəsiz sistemlərdən istifadə olunmalıdır;
  • iynələrin şprisdən çıxarılmasına və onlara qapaq taxılmasına ehtiyac yaranarsa, bu yalnız xüsusi alət, yaxud tək əl ilə (şprisə taxılmış iynə qapağa salınır) həyata keçirilməlidir;
  • istifadə edilmiş iti alətlərdən qorunmaq üçün konteynerlərdən istifadə olunmalıdır.

İtiuclu digər ləvazimatlarla iş zamanı təhlükəsizlik tədbirləri:

  • çirklənmiş itiuclu alətlər dərhal,qapaqları taxılmadan qapalı, deşilmə və sızmaya davamlı, olan konteynerlərə atılmalıdırlar;  konteynerlər tam dolmadan kip örtülməli, möhürlənməli və məhv olunmağa göndərilməlidir;
  • konteynerlər elə yerləşdirilməlidirlər ki, aşmasın və onlardan istifadə rahat olsun;
  • çirklənmiş itiuclu alətlər üçün konteynerlər ağzına qədər dolmadan vaxtında dəyişdirilməlidirlər;
  • çirklənmiş itiuclu alətlər üçün konteynerlərin yerini dəyişdirdikdə onun ağzı kip örtülməlidir. Əgər konteynerin hermetik olması şübhə doğurursa, onu başqa bir konteynerə yerləşdirilmək lazımdır.

Stomatoloji alət və cihazlar ilə manipulyasiya zamanı təhlükəsizlik tədbirləri:

  • Cərrahi alətlər, diş daşlarını təmizləmək üçün ucluqlar, neştərlər (skalpel), stomatoloji cərrahi burğular, stomatoloji güzgülər, amalqam plomblar üçün ştopferlər, diş formasının izini götürmək üçün təkrar istifadə olunan qaşıqlar, burğu maşınının ucluqları adi termik üsul ilə sterilizə olunmalıdır.
  • Yüksək temperatura dözməyən alət və cihazlar güclü dezinfeksiyaedici maddələrlə zərərsizləşdirilməlidir.
  • Alətlərdə qalan bioloji materialların su və ya hava axını ilə onlardan xaric olması məqsədilə xəstənin ağız boşluğuna daxil edilən və irrigator – aspirator ilə birləşdirilən qurğular (məsələn, müxtəlif tipli ucluqlar, su – hava tapancaları) manupulyasiyadan sonra 20-30 saniyə ərzində işlək vəziyyətdə saxlanılmalıdır.
  • Mümkün qədər ağız boşluğundan  mayenin düşməsindən mühafizə olunmuş stomatoloji qurğulardan istifadə edilməlidir.
  • İrriqator-aspiratorun çıxmayan hissələri (məsələn, tüpürcəksoranların, hava təmizləyənlərin və su-hava tapancalarının tutacaq və bərkidilmələri) sukeçirməyən salfetkalarla örtülməli və hər istifadədən sonra onlar dəyişilməlidir.
  • Bioloji mayelərin sıçraması və dağılması zamanı ilk yardım üçün zəruri olan hər bir şey əl altında olmalı və tibbi heyət belə hallarda nə etmək lazım olduğunu bilməlidir
  • Tullantıların utilizasiyası üçün iş yerlərində konteynerlər və utilizasiya üzrə təlimatlar olmalıdır.

  Texnoloji nəzarət:

Texnoloji normalara riayət etmə, iş yerlərində qanla ötürülən törədicilərin  yayılmasının qarşısının alınmasına və onlardan təmizlənməsinə kömək edir.

  • İnvaziv müdaxilələr üçün istifadə edilən alətlərin sterilizasiyasının keyfiyyəti sənədlə təsdiq edilməlidir.
  • Alətlər və digər istifadə edilmiş avadanlıq dezinfeksiya olunmalıdır.
  • Qanla və ya digər təhlükəli materiallarla çirklənmiş avadanlıq istifadədən və ya nəql edilmədən qabaq dezinfeksiya olunmalıdır. Əgər dezinfeksiya mümkün deyilsə, avadanlığın çirklənmış hissələrinə xüsusi kağızlar (etiketlər) yapışdırılmalıdır.
  • Texnoloji normalara riayət olunmasının qiymətləndirilməsi üçün keyfiyyətə nəzarət jurnallarından istifadə edilməlidir.

Fərdi qoruyucu vasitələr və onların istifadə edilməsi

Əgər texnoloji nəzarətin yeni vasitələrinin istifadə olunmasına və təhlükəsizliyin standart tədbirlərinə riayət edilməsinə baxmayaraq, peşə kontaktı təhlükəsi qalırsa, tibb işçisinə fərdi qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Onlar pulsuz verilməli və həmişə əl altında olmalıdırlar.

  • Əlcəklər (o cümlədən, tərkibində lateks olmayan materialdan – lateksə allergiyası olan işçilər üçün).
  • Birdəfəlik əlcəkləri təkrarən istifadə etmək olmaz; çoxdəfəlik əlcəklər zədələndikdə, onlardan istifadə etmək qadağandır.
  • Yağlanma üçün vazelin əsasında materiallardan istifadə etmək olmaz, çünki onlar lateksi parçalayırlar.
  • Qoruyucu geyimi/laborator xalatlar
  • İİV-lə peşə kontaktı mümkün olduğu yerdə mühafizə geyimində işləmək lazımdır.
  • Yoluxmuş materialın başa və ya pəncələrə düşməsi təhlükəsi varsa, papaqlar və baxillar geyinilməlidir.
  • Maskalar, üz ekranları, eynəklər
  • Qanın və ya digər təhlükəli bioloji materialın sıçraması və ya dağıdılması ehtimalı varsa, mühafizə eynəkləri (böyüdən ekranları olan) və maskalar, yaxud üz ekranları taxılmalıdır.
  • Adi eynəklər qanla ötürülən törədicilərdən kifayət qədər müdafiəni təmin etmirlər.

 Fərdi qoruyucu vasitələr düzgün istifadə edildikdə, qanın və digər təhlükəli bioloji materialların iş və şəxsi paltarları çirkləndirməsi və eləcə də dəriyə, gözlərə və selikli qişalara düşməsi istisna edilir. Sanitarlar və tullantıların yığışdırılması və məhv edilməsi ilə məşğul olan fəhlələr təlim keçməli və onlara iş üçün qalın əlcəklər və etibarlı mühafizə geyimi verilməlidir.

 Qoruyucu geyimdən qanın və ya digər təhlükəli materialın keçməsi hallarında, geyimi dərhal çıxarmaq, dezinfeksiyaedici məhlulla işləmək   və xüsusi qutuya yığmaq lazımdır. İstifadə edilmiş fərdi qoruyucu vasitələrin yığışdırılması, yuyulması,  dəyişdirilməsi və məhv edilməsinə görə müalicə müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır.

 

                                                                                                               Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin

                                                                                                               31.08.2012-ci il tarixli 65 nömrəli əmri ilə 

                                                                                                                                         təsdiq edilmişdir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun