Mayın 18-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının İİV üzrə qiymətləndirmə missisayının mütəxəssisləri ilə görüş keçirilib.
Əvvəlcə missiya Mərkəzdə infeksiyaya yoluxanların qəbulu, müayinəsi, profilaktikası, müalicəsi üçün yaradılan şəraitlə tanış olub, laboratoriyada istifadə edilən avadanlıqlara baxıblar.
Qonaqları salamlayan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov ümumi işlərin təşkilində Səhiyyə Nazirliyinin göstərdiyi dəstək, nail olduqları uğurlar, ümumi əhali və risk qrupları arasında görülən işlər, yaxın zamanlarda icra olunacaq fəaliyyətlər haqqında geniş məlumat verib.
Sonra Mərkəzin direktor müavini Səbinə Babazadənin “Azərbaycanda İİV/QİÇS-lə bağlı mövcud vəziyyət, infeksiya və xəstəliklə mübarizədə həyata keçirilən tədbirlər” adlı təqdimatı dinlənilib. Təqdimat nümayəndə heyyətinin marağına səbəb olub. Onların Azərbaycanın bu sahədəki təcrübəsi ilə bağlı çoxsaylı suallarına aydınlıq gətirilib.