Dekabrın 7-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Turizm və Menecment Universitetində müayinə və maarifləndirmə tədbirləri keçirib.
Məqsəd insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınması, tələbələrin sağlam həyat tərzi barədə məlumatlandırılmasıdır. Universitetlərdə tələbələrə təcrübəli həkimlər İİV/QİÇS-lə (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu) bağlı mühazirələr oxuyub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktika, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. Tələbələr maraqlandıqları suallara cavab alıb, arzu etdikləri halda İİV testindən keçiblər.
Təhsil ocaqlarında münasib yerdə quraşdırılan informasiya guşəsində də istəyi olan həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
Marifləndirmə tədbirləri Bakı, Sumayıt, Gəncə, Mingəçevir, Lənkəran, Cəlilabad şəhərlərində və bölgələrdə tibb müəssisələrində, təhsil ocaqlarında, istehsalat obyektlərində, eləcə də, insanların daha çox olduğu digər ünvanlarda davam etdirilir.