Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə növbəti maarifləndirici aksiya Xızı şəhər tam orta məktəbində təşkil olunub. “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər. Aksiyada məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb.
Tədbirdə çıxış edən RQMM-in mütəxəssisi İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ətraflı məlumat verib. Həkim gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıb.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Məktəblilərə İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.