Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi ilə növbəti maarifləndirici aksiyalar Gəncədəki Xocalı məktəblərində təşkil olunub. “QİCS-ə qarşı mübarizə” adlı tədbirlərdə Xocalı rayonunun Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər. Məqsəd məktəbliləri İİV/QİÇS, eləcə də digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların təhsilə, elmə olan marağını artırmaq idi.
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisləri İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin mənimsəyəcəyi tərzdə aydınlıq gətiriblər. Onlar gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.