Sentyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yenilənmiş xidmətlər zərfinin təqdimat mərasimi keçirilib.
Tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin bir neçə üzvü, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və aidiyyəti dövlət qurumlarının, tibb və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev xidmətlər zərfinin təkmilləşməsi, aparılan dəyişikliyin əhali və həkimlər üçün faydalarından danışıb: “Universal tibbi təminata nail olmaq üçün biz bir çox araşdırmalar aparmışıq, beynəlxalq təcrübələri öyrənmişik. Universal tibbi təminatın əsas 3 komponenti müşahidə edilir: əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması və maliyyə dayanıqlığının təminatı. Deyə bilərik ki, təminata alınan tibbi xidmətlərin artırılması ilə universal tibbi təminata doğru növbəti addım atılıb. Pilot layihə dövründə icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayını 3 dəfə artıraraq 3315-ə çatdırılıb. Eyni zamanda, tibbi xidmətlərin əhaliyə vaxtında göstərilməsi və keyfiyyətinin artırılmasında əsas istiqamət sayılan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə tədbirlər görmüşük. Agentlik tərəfindən 2020-2023-cü illər ərzində 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınıb”.
Çıxışı zamanı Z.Əliyev ölkə rəhbərliyinin səhiyyə sahəsinə dəstəyini də vurğulayıb: “Qarşımıza qoyduğumuz hədəfə doğru inamla, əzmlə addımlayırıq. Bu yolda ilk gündən bəri biz ölkə rəhbərliyinin qayğısını hiss etmişik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi və Birinci vitse-prezidentin böyük dəstəyi ilə səhiyyə sahəsində çox böyük işlər görülməkdədir. Səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin artırılması səhiyyə islahatlarının tərkib hissəsidir. Bütün bu işlər Azərbaycan vətəndaşının rifahına, sağlamlığının qorunmasına xidmət edir”.
Z.Əliyev xidmətlər zərfinin təkmilləşdirilməsində agentliyə dəstək göstərən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Milli Məclisə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sağlamlığına ən yüksək səviyyədə verilən diqqətin təzahürüdür. Onun sözlərinə görə, vahid səhiyyə prinsipi əsasında özəl sektorda göstərilən xidmətlər dövlət-özəl əməkdaşlığı çərçivəsində qarşılanmağa başlanmış və hazırda dövlət və özəl sektor arasında inteqrativ əməkdaşlıq uğurlu formatda davam edir: “Gələcəkdə əhalinin tibbi xidmətlərə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması məqsədilə icbari tibbi sığorta digər sığorta modelləri ilə zənginləşdirilə bilir. Tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası arasında fəal əməkdaşlıq aparılır və bu sahədə ilkin ümidverici nəticələr əldə olunub”, – deyə Teymur Musayev fikrini tamamlayıb.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqinin səhiyyə tarixində önəmli islahat olduğunu vurğulayıb: “Sevindirici haldır ki, icbari tibbi sığorta bütün ölkədə tətbiq olunur və artıq vətəndaşlarımız tibbi xidmətlərdən rahat şəkildə istifadə edirlər. Əlbəttə ki, görüləsi işlər çoxdur. Hazırda xidmətlər zərfinin əhatə dairəsinin genişlənməsi qürurvericidir. Bu gün orqan transplantasiyası sahəsində ölkəmizdə səhiyyə sistemində böyük işlər aparılmalıdır. Təqdirəlayiqdir ki, bu gün orqan transplantasiyasının icbari tibbi sığortanın təminatına daxil edilməsi ilk addımdır və görülən tədbirlərə əsas töhfədir”.
Ə.Əmiraslanov özəl tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsini müsbət qarşılayaraq, tibb müəssisələrinin sayının getdikcə artdığını da diqqətə çatdırıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, xidmətlər zərfinə əlavə edilən yeni xidmətlər əvvəllər bu zərfə daxil olmayan müayinə, müalicə və əməliyyatların sayının artmasına, insanların tibbi xidmətlərə əlçatanlığının daha geniş spektrdə olmasına imkan yaradır: “Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq”. Bildirilib ki, tibb müəssisələrinin əməkdaşlarına xidmətlər zərfinə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar olaraq yeni qaydaların izah olunması və öyrədilməsi məqsədilə təlimlərin müntəzəm olaraq keçirilməsi planlaşdırılıb. Bütün bu görülən işlər, xidmətlər zərfinin təkmilləşməsi sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Bundan sonra da vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanmaq imkanlarının artırılmasına çalışacağıq”.
Daha sonra agentliyin nümayəndələri Nicat Şirinov, Şamxal Cəmilzadə və Anar Rəhimov təqdimatla çıxış ediblər. Onlar iştirakçıları xidmətlər zərfinə yeni əlavə edilən tibbi xidmətlər, tarif dəyişikliyi, tibb müəssisələrinin maddi texniki-bazasının gücləndirilməsi mövzularında məlumatlandırıblar.
Sonda mətbuat konfransı keçirilib.