Stasionar yardım şöbəsi xəstələri 6 aydan bir stasionar yardımla təmin etmək iqtidarındadır
Stasionar yardım şöbəsi Səhiyyə Nazirliyinin 08.01.2001-ci il tarixli, 112 saylı əmrilə nəzərdə tutulmasına baxmayaraq 2006-cı ilin noyabrında tam təyinatına uyğun yaradılıb. Həmin il ilk 8 xəstəyə ARV terapiya təyin edilib.
Stasionar şöbə eyni vaxt 20 xəstənin müalicəsi üçün nəzərdə tutulub. Onun əsas vəzifəsi yeni aşkar edilən xəstələrə ARV preparatlarla müalicə təyin edilərkən onun təsirinin ilk günlərdə izlənilməsi, yan təsirlərin olub-olmaması və belə hallarda müalicə sxemlərinin xəstə üçün fərdi qaydada seçilməsindən ibarətdir.
Bundan başqa, monitorinq müayinəsi zamanı və ya xəstə, müalicənin təsirsiz olması yaxud gecikmiş arzuolunmaz kənar təsir göstərərkən müraciəti zamanı, ona stasionar şəraitdə müayinə və müşahidənin aparılması şöbənin əsas vəzifələrindədir.
Qeyd edilənlərlə yanaşı, İİV infeksiyasının spesifik təzahürləri (anqulyar xeylit, sarkoma Kapoşı, İİV-kaxeksiya və digərləri) özünü biruzə verdikdə, həmin xəstələr də stasionar şöbədə müalicə olunurlar.
Stasionar müalicə yardımını göstərərkən, bütün xəstələri palliativ yardımla əhatə edir. Bu sahəyə əsasən qulluq və dəstək xidmətləri aiddir. Bəzi hallarda dispanser müşahidə çərçivəsində, monitorinq müayinəsinə gələn xəstələr vəziyyətləri ilə bağlı, stasionar şəraitdə müayinə keçir və əlavə olaraq, gücləndirici qidalanma alır. Sağlamlığına laqeyd olan, müalicəni səliqəsiz qəbul edən, şüurlu surətdə müalicədən yayınan və digər səbəblərdən müşahidədən kənar qalan xəstələr tərəfimizdən aktiv axtarılıb, müşahidəyə cəlb olunaraq, ilk növbədə stasionar şəraitdə müayinə olunub, müalicə kursu keçirlər. İİV-li xəstələrin stasionar müalicəyə ehtiyaclarının ödənilməsi məqsədilə, stasionar yardım şöbəsinin fəaliyyətinin təşkili, göstəriş üzrə xəstələri 6 aydan bir stasionar yardımla təmin etmək iqtidarındadır ki, bu da monitorinq müayinə və müşahidə üzrə ÜST-nin tövsiyələrinə cavab verir.