Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Lənkəran və ətraf rayonlarda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirləri keçirib.
Lənkəran Regional Laboratoriyasının əməkdaşları Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad rayonlarındakı səhiyyə müəssisələrində, sağlamlıq mərkəzlərində, təhsil ocaqlarında müayinə və maarifləndirmə aksiyaları təşkil ediblər.
Tədbirlərdə həkimlər İİV-infeksiyasının yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər. Könüllülərə ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda, tədbir təşkil olunan müəssisələrdə yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.




