Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) mütəxəssisləri Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş maarifləndirmə tədbiri keçiriblər. Tədbirdə RQMM-in direktor müavini Səbinə Babazadə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, mərkəzin və hospitalın həkimləri, tibb bacıları, həkim-rezidentlər iştirak ediblər.
Tədbirin açılış hissəsində dosent İsmayıl Əfəndiyev kütləvi maarifləndirmənin zəruriliyindən söz açıb. Mərkəzin direktor müavini Səbinə Babazadə isə dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğunu vurğulayan infeksionist həkimlər bildiriblər ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
Sonda mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb.

