preloader
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “İİV spesifik əlamətləri olmayan bir infeksiyadır”

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “İİV spesifik əlamətləri olmayan bir infeksiyadır”

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “İİV spesifik əlamətləri olmayan bir infeksiyadır”

“İİV spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin dörd klinik mərhələsi var”.

Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib. Onun sözlərinə görə, klinik mərhələlərdən asılı olaraq, İİV-ə yoluxmuş şəxslərdə müxtəlif simptomlar müşahidə oluna bilər:

“İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq, hərarətin yüksəlməsi baş verir. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar – dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Xəstəliyin sonuncu, dördüncü mərhələsi QİÇS sindromu, yəni Qazanılmış İmmunçatışmazlığı sindromu adlanır. Bu mərhələdə xəstələrdə onkoloji xəstəliklər, Mərkəzi sinir sisteminin zədələnməsi, ağ ciyərdən kənar üzvlərin vərəmi ilə ağırlaşmaları baş verir. Bəzən xəstəlik illərlə gizli şəkildə, heç bir kliniki əlamətlər müşahidə olunmadan davam edə bilir və təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır”.

Direktor qeyd edib ki, İİV-ə yoluxan şəxslər iki ildən beş ilə qədər heç bir kliniki əlamət və simptom müşahidə olunmadan, yaşaya və virusu digər şəxslərə ötürə bilirlər:

“Buna görə də, azı ildə bir dəfə müayinədən keçməklə gizli gedişata malik infeksiya zamanı da İİV statusu barədə məlumat əldə etmək vacibdir. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda, könüllü müayinə məntəqələrində dövlət hesabına, ödənişsiz, anonim qaydada həyata keçirilir”.

Famil Məmmədov qeyd edib ki, İİV müsbət statusu olan şəxs ailə qura bilər. Onun sözlərinə görə, İİV müsbət statusu olan şəxsin infeksiyanı öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır:

“Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda, epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilir. Belə hallarda, hətta öncələr müalicə proqramında olmuş xəstələr virusu asanlıqla öz partnyorlarına yoluxdura bilərlər”.

Direktor bildirib ki, İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər: 

“Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır. İİV-ə yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülmənin profilaktikasının böyük əhəmiyyəti var. Bu istiqamətdə ölkəmizdə uğurlu nəticələr əldə edilib. Son illər ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikasına cəlb olunmuş virusla yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və mərkəzdə qeydiyyata götürülüb, ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası aparılır”.