preloader
Qız Qalasından QİÇS-ə “YOX” deyirik

Qız Qalasından QİÇS-ə “YOX” deyirik

1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə Azərbaycanın qədim tarix-memarlıq abidəsi olan Qız Qalası tam şəkildə qırmızı rənglə işıqlandırılıb. Qırmızı rəng QİÇS-ə qarşı mübarizənin rəmzi olan lentin rəngini ifadə edir və vətəndaşlara xəstəliklə bağlı vacib xəbərdarlıq, həmçinin güclü ictimai mesaj kimi təqdim olunur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri il ərzində ölkənin müxtəlif idarə və müəssisələrində, iri ticarət mərkəzlərində, təhsil və səhiyyə müəssisələrində, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda fəaliyyət göstərən Səyyar Müayinə Məntəqəsi vasitəsilə vətəndaşlara İİV/QİÇS haqqında məlumat verir, maarifləndirici vərəqlər, bukletlər və broşurlar paylayırlar.

Bu gün isə İçərişəhərin incisi sayılan Qız Qalasından ictimaiyyətə çağırış ünvanlanır: İİV virusundan və QİÇS xəstəliyindən özünüzü qoruyun, sağlam həyat tərzi sürün! Məqsədimiz sağlam həyat tərzini təşviq etmək, cəmiyyətin diqqətini xəstəliyin yaratdığı risklərə yönəltmək və İİV-ə yoluxmuş insanlara qarşı mövcud ayrı-seçkiliyin aradan qaldırılmasına töhfə verməkdir.

Tədbir Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşdı. Qız qalasından QİÇS-in simvolunu canlandıranlara – “İçərişəhər”in rəhbərliyinə və əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.