preloader
“Park Bulvar”da İİV-lə bağlı müayinələr aparılıb

“Park Bulvar”da İİV-lə bağlı müayinələr aparılıb

“Park Bulvar”da İİV-lə bağlı müayinələr aparılıb

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət Mərkəzində maarifləndirmə və müayinə aksiyası keçirilib.

Aksiyanın məqsədi ölkəmizdə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən mərhələdə aşkarlamaq idi. Tədbir çərçivəsində vətəndaşlar öz İİV statuslarını müəyyənləşdirmək imkanı əldə ediblər.

Ticarət mərkəzində xüsusi olaraq yaradılmış maarifləndirmə guşəsində sağlamlıq üçün ciddi təhlükə yaradan İİV və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə məlumat verilib. Təcrübəli həkimlər virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicə üsulları haqqında ətraflı danışaraq, İİV-ə yoluxmuş şəxslərin digər xəstəliklərə daha tez məruz qala bildiklərini diqqətə çatdırıblar.

Aksiya zamanı vətəndaşlara ödənişsiz və anonim şəkildə İİV üzrə ekspress-testdən keçmək imkanı yaradılıb. Bununla yanaşı, İİV/QİÇS mövzusunda məlumatlandırıcı broşür və bukletlər paylanıb, xəbərdaredici informasiya verilib.