Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Şəki şəhəri 8 saylı tam orta məktəbdə “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllim heyəti iştirak edib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının mütəxəssisi Kəmalə Abdullayeva xüsusi hazırlanmış təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib.
Çıxış zamanı İİV-in yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə məlumat verilib. Gənclər sağlam həyat tərzinə üstünlük verməyə, məsuliyyətli davranmağa, narkomaniya və digər zərərli vərdişlərdən uzaq durmağa dəvət olunub.
Tədbir interaktiv formatda davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
