Respublika QİÇS-lə Mübarizə Mərkəzi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində Bakı və regionlarda yerləşən orta məktəblərdə İİV/QİÇS-lə bağlı silsilə maarifləndirici tədbirlərə start verib.
Bununla əlaqədar olaraq, Bakı şəhərində yerləşən 20, 39, 181 və 183 nömrəli tam orta məktəblərdə maarifləndirici aksiyalar keçirilib. Tədbirlərdə ümumilikdə 1000-ə yaxın şagird sağlamlığa ciddi təhlükə yaradan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumatlandırılıb, həmçinin infeksiyanın ötürülmə yolları, profilaktikası və sağlam həyat tərzinin əhəmiyyəti barədə maarifləndirici müzakirələr aparılıb.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Təlimlər davam etdirilir.



