Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetində “Avropa İİV-ə Testləşmə həftəsi – 2025” çərçivəsində maarifləndirici aksiya keçirilib və müayinələr aparılıb.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan “Özünü QİÇS-dən qoru” adlı aksiyada universitetin müəllim və tələbələri iştirak edib.
Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib.
Həmçinin RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
