Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şəki Tibb Kollecində “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional laboratoriyasının mütəxəssisi Kəmalə Abdullayeva xüsusi hazırlanmış təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib.
Çıxış zamanı İİV infeksiyasının yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə məlumat verilib. Gənclər sağlam həyat tərzinə üstünlük verməyə, məsuliyyətli davranmağa, narkomaniya və digər zərərli vərdişlərdən uzaq durmağa dəvət olunub.
Tədbir interaktiv formatda davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
