Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycana ayırdığı maliyyə çərçivəsində yaxın günlərdə QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan olunacaq.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu 1 ay davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.
Müsabiqə yalnız böyük qrant növü üzrə aparılacaq. Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 450000 manat olacaq. Nizamnamə məqsədlərində səhiyyə və sağlamlıq, zərərli asılılıqlara qarşı mübarizə profili olmayan, həmçinin 2026-cı il üzrə QHT Agentliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri müsabiqəyə buraxılmayacaq.
QHT-lərin layihə təklifləri QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada qəbul olunacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul edilməyəcək.