Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Ofisi və “Médecins Sans Frontières” təşkilatının birgə təşkilatçılığı ilə sentyabrın 29-30-da Özbəkistanın Daşkənd şəhərində “Mərkəzi Asiya və Şərqi Avropada İİV və Vərəmə qarşı cavab tədbirlərinin gücləndirilməsi üzrə Regional Görüş” keçirilib.
Ümumilikdə 10 ölkənin 70-dən çox mütəxəssisinin iştirak etdiyi tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı, nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru və ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin əməkdaşları təmsil ediblər.
Regional görüşün əsas məqsədi İİV və vərəmlə mübarizə sahəsində ÜST-nin aktual tövsiyələrinin təqdim edilməsi, onların milli siyasət və proqramlara inteqrasiyasının dəstəklənməsi, eləcə də ölkələr arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsidir.
Tədbir çərçivəsində İİV və vərəmə qarşı profilaktika və müalicə tədbirlərinin genişləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və ölkə öhdəliklərinin icrası ilə bağlı məsələlər müzakirə olunub.

