Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Səhiyyə sahəsində Beynəlxalq Proqram üzrə Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə “İİV/QİÇS-lə mübarizədə müasir və innovativ yanaşmalar” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə keçirdiyi qrant müsabiqəsinin qalibi olaraq İİV-lə mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak ediblər. İştirakçılara İİV infeksiyası ilə mübarizə üzrə proqramın əsas istiqamətləri, hədəf qruplarla işin təşkili və QHT-lərin həyata keçirəcəyi fəaliyyətlərin səhiyyə xidmətləri ilə əlaqələndirilməsi məsələləri haqqında ətraflı məlumat verilib.
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Layihə Əlaqələndirmə Bürosunun mütəxəssisləri xüsusi hazırlanmış təqdimatlarla çıxış ediblər. İİV/QİÇS haqqında ümumi məlumat və Azərbaycanda İİV epidemiyası ilə bağlı mövcud vəziyyət dinləyicilərin diqqətinə çatdırılıb. Eləcə də İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlərdən, virusla yaşayan insanlara qarşı stiqmanın aradan qaldırılmasından bəhs olunub. Profilaktik proqramların məqsədi, vəzifələri, öhdəliklər, QHT-lərin gündəlik və aylıq sənədləşmə işləri barədə geniş məlumat verilib.
İnteraktiv şəraitdə keçirilən tədbirdə QHT nümayəndələri proqramın icrası ilə bağlı suallarını səsləndirib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Habelə iştirakçılara İİV-lə mübarizədə dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının davam etdirilməsinin, icma əsaslı profilaktik xidmətlərin gücləndirilməsinin və həyata keçirilən layihələrin milli səhiyyə prioritetləri ilə əlaqələndirilməsinin əhəmiyyəti vurğulanıb.
