Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq üçün Sumqayıt şəhərində aksiyalar təşkil edib.
RQMM və Sumqayıt Regional Laboratoriyasının təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində, 1və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində, 1, 2, 4, 5 nömrəli Ailə Sağlamlıq mərkəzlərində, Sumqayıt Texnologiya Texnikomunda, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında və digər təşkilat və təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilib, müayinələr aparılıb.
Təhsil ocaqlarında və istehsalat müəssisələrində tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunub, xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
Qeyd edək ki, sosial xarakter daşıyan bu aksiyaların təşkilində əsas hədəf əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.







