Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Mərdəkandakı 183 nömrəli tam orta məktəbdə ”QİÇS əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin 10-11-ci sinif şagirdləri, müəllimləri iştirak ediblər.
Məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Qönçə Abbasova İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan həkim şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri vaxtında mənimsəməyə çağırıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib, onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

