Bakı Dövlət Universitetində (BDU) “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada BDU-nun tələbə-könüllüləri iştirak ediblər.
Tədbirdə tələbələrə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli mütəxəssis Dilşad Mahmudova xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib.
Həmçinin RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində tələbələr İİV-ə ekspres-testdən keçiblər.
