Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Lənkəran şəhərindəki orta məktəblərdə şagirdlər üçün “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Lənkəran şəhər 1, 2, 4, 5, 6, 7, 9, 10 nömrəli tam orta məktəblərin və Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Aksiyalarda məktəblilərə sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərdən uzaq durmaları tövsiyyə olunub.
Tədbirlərdə şagirdlərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Mərkəzin mütəxəssislərinin xəstəlik və virusun diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təqdimatlarları xüsusi maraqla qarşılanıb.
Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara İİV-lə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar, vərəqlər paylanıb.




