Azərbaycan Dillər Universitetində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin tələbələri iştirak ediblər.
Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla bir çox xəstəliklərin qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
