Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycanda səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə məlumatlandırma və tanışlıq görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə keçirdiyi qrant müsabiqəsinin qalibi olmuş QHT-lərin nümayəndələri iştirak ediblər.
Əsas məqsəd Qlobal Fond tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu İİV-lə mübarizə proqramı üzrə qalib QHT-lərə ətraflı məlumat vermək, həyata keçiriləcək fəaliyyətlər üzrə qarşılıqlı əlaqələndirməni gücləndirmək və əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Səhiyyə Nazirliyinin Layihənin Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov Qlobal Fondun dəstəyi ilə həyata keçirilən İİV və vərəmlə mübarizə proqramından danışıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov çıxışında İİV infeksiyasının profilaktikası, erkən aşkarlanması və müalicə xidmətlərinə çıxışın təmin edilməsində icma əsaslı yanaşmanın əhəmiyyətinə diqqət çəkib. Xüsusilə yüksək risk altında olan əhali qrupları ilə işləyən QHT-lərin maarifləndirmə, müayinələrə cəlbetmə və müvafiq tibbi xidmətlərə yönləndirmə sahəsində rolunun vacibliyi qeyd olunub.
Tədbirin davamında iştirakçılara İİV infeksiyası ilə mübarizə üzrə proqramın əsas istiqamətləri, profilaktika tədbirləri, hədəf qruplarla işin təşkili və QHT-lərin həyata keçirəcəyi fəaliyyətlərin səhiyyə xidmətləri ilə əlaqələndirilməsi məsələləri təqdimatla diqqətə çatdırılıb.
Tədbirin müzakirə hissəsində qalib QHT-lərin nümayəndələri çıxış edərək proqramın icrası ilə bağlı suallarını səsləndirib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Sonda İİV-lə mübarizədə dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının davam etdirilməsinin, icma əsaslı profilaktik xidmətlərin gücləndirilməsinin və həyata keçirilən layihələrin milli səhiyyə prioritetləri ilə əlaqələndirilməsinin əhəmiyyəti vurğulanıb.

