Azərbaycan Texniki Universitetində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzini (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin tələbələri iştirak ediblər.
Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat
verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz
qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb. Həmçinin, RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
