Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə 1 nömrəli Bakı Tibb Kollecində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib və İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə aparılıb. Kollecin tələbə və müəllim heyətinə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumat verilib.
RQMM-in mütəxəssisi Dilşad Mahmudova xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Həkim Azərbaycandakı mövcud epidemioloji vəziyyətə aydınlıq gətirib, RQMM tərəfindən icra edilən işləri xatırladıb. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu tələbələrin diqqətinə çatdırılıb.
Mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Həmçinin təşkil edilən səyyar tibbi müayinə məntəqəsində kollecin tələbələri üçün İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb.
