preloader
Stomotoloqlar İİV-in təhlükəsinə qarşı təlimatlandırılıb

Stomotoloqlar İİV-in təhlükəsinə qarşı təlimatlandırılıb

Stomotoloqlar İİV-in təhlükəsinə qarşı təlimatlandırılıb

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində növbəti təlimlərə başlayıb. Dörd günlük təlimlər stomatoloqlar, Bakı şəhəri üzrə poliklinikaların rəhbər heyəti, qadın məsləhətxanalarının həkim mama-ginekoloqları və Bakı şəhərinin orta məktəblərində çalışan biologiya müəllimləri üçün nəzərdə tutulub. Təlimin ilk günündə stomatoloqlar üçün “Stomatoloji xidmətlərin təşkili zamanı İİV infeksiyasının idarə olunmasına dair müasir yanaşmalar” mövzusunda peşəkar təlim keçirilib.
Təlimə Tibb Universitetinin Stomatologiya kafedrasının əməkdaşları, Ədliyyə Nazirliyinin tibb xidmətinin nümayəndələri, eləcə də Bakı və regionlarda fəaliyyət göstərən özəl sektor stomatoloqları cəlb edilib.
Azərbaycanda İİV epidemiyası ilə bağlı mövcud vəziyyət və həyata keçirilən tədbirlərdən danışan Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) direktoru Famil Məmmədov bildirib ki, aparılan məqsədyönlü əksepidemik tədbirlər nəticəsində regiondakı digər ölkələrlə müqayisədə Azərbaycanda bu virusun yayılmasının dəfələrlə aşağı səviyyədə saxlanılmasına nail olunub.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilib, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilib, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunub.
RQMM-in mütəxəssisləri Azərbaycanda İİV-ə görə aparılan müayinələrin təşkili qaydaları, ağız boşluğu və üz-çənə nahiyəsində İİV infeksiyasının xüsusiyyətləri, İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər – təmasdan öncə və sonra profilaktika, İİV-lə yaşayan insanlara qarşı stiqmanın aradan qaldırılması mövzularında xüsusi hazırlanmış təqdimatları maraqla qarşılanıb.
Həmçinin iştirakçılara stomatoloji xidmətlər zamanı İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.
Sonda iştirakçılarla xatirə şəkili çəkdirilib, onlara sertifikatlar təqdim edilib.