Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “Azərbaycanda İİV/QİÇS-lə mübarizədə antenatal yardımın təşkili və İİV-in anadan uşağa ötürülməsinin profilaktikası” mövzusunda növbəti təlim keçirilib. Təlimdə Bakı şəhərində fəaliyyət göstərən qadın məsləhətxanalarının həkim mama-ginekoloqları iştirak edib.
Tədbirdə İİV/QİÇS-in müayinə və müalicəsi ilə bağlı məlumat verilib, İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların əhəmiyyəti vurğulanıb.
RQMM-nin direktoru Famil Məmmədov “Azərbaycanda İİV epidemiyası ilə bağlı mövcud vəziyyət və həyata keçirilən tədbirlər” adlı xüsusi təqdimatla çıxış edib. Mütəxəssislər dünyada və Azərbaycanda QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) indikatorları, onun terapiyası və müalicəsi barədə ətraflı məlumat təqdim edib. Həmçinin ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi ilə bağlı fikirlər bölüşülüb.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların əhəmiyyəti barədə də məlumat verilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğunu vurğulayan həkimlər qeyd ediblər ki, əsas məqsəd xəstəliyin vaxtında aşkarlanması, onun əhali arasında yayılma riskinin azaldılması və gedişatı barədə vətəndaşların məlumatlandırılmasından ibarətdir.
RQMM-nin mütəxəssisləri tərəfindən İİV infeksiyası və yanaşı xəstəliklərin idarə olunmasında müasir yanaşmalar, Azərbaycanda hamilə qadınların İİV-ə müayinələrinin təşkili qaydaları, İİV-in anadan uşağa ötürülməsinin profilaktikası, eləcə də İİV-lə yaşayan insanlara qarşı stiqmanın aradan qaldırılması mövzularında xüsusi hazırlanmış təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir çərçicəsində interaktiv müzakirələr aparılıb.
Sonda iştirakçılarla xatirə şəkili çəkdirilib, onlara sertifikatlar təqdim edilib.
