Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2025” başlayıb. Bununla əlaqədar universitetlərdə, regionlardakı təhsil ocaqlarında, səhiyyə müəssisələrində və insanların sıx toplaşdığı ərazilərdə müayinə və maarifləndirmə işi aparılacaq.
Builki kampaniyaya ilk olaraq orta məktəblərdə maarifləndirmə aksiyalarından başlanılıb və artıq 20-dək orta məktəbdə, Azərbaycan Dövlət Dəniz Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Turizm və Menecment universitetlərində, regionlarda isə texnikum və kolleclərdə, səhiyyə, istehsal müəssisələrində maarifləndirmə və müayinə aksiyaları təşkil edilib. Tədbirlərdə minlərlə vətəndaşımız İİV (İnsanın İmmunçatışmazlığı Virusu) statusunu öyrənib.
Universitet və kollecdə tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bağlı mühazirələr oxunub, xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb, ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Eyni zamanda, təhsil müəssisələrində quraşdırılan informasiya guşəsində tələbələrə İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kütləvi maarifləndirmə tədbiri kimi Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində – noyabrın son həftəsində qeyd edilir. RQMM bu təşəbbüsə kollektiv şəkildə qoşulur. “Avropa İİV-ə testləşmə həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS (UNEYDS) üzrə birləşmiş proqramının birgə təşəbbüsü ilə keçirilən kampaniyadır. Bu müddətdə ÜST-nin Avropa zonasının bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları təşkil olunur. Aksiyaların məqsədi regionda daha çox insanın İİV statusu barədə öyrənə bilməsi və bu xəstəliyin diaqnostikasında gecikmə probleminin minimuma endirilməsidir. “Avropa İİV-ə testləşmə həftəsi” erkən diaqnostika və müalicəyə başlamaqla virusun ötürülməsinin qarşısını almağı hədəfləyir.
