Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “Azərbaycanda İİV/QİÇS-lə mübarizədə müasir və innovativ yanaşmalar” mövzusunda növbəti peşəkar təlim keçirib. Təlimə Mərkəzdə və onun regional laboratoriyalarında fəaliyyət göstərən həkim heyəti cəlb olunub.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovun “İİV infeksiyası ilə bağlı epidemioloji vəziyyət və görülmüş işlər barədə təqdimat”ı dinlənilib. Dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyəti təhlil edən F.Məmmədov qeyd edib ki, İİV/QİÇS-lə mübarizəyə müasir və innovativ yanaşmaların tətbiqi göstərdiyimiz tibbi xidmətin keyfiyyətini və əlçatanlığını artırır, effektiv müalicəni təmin edir. Universal, keyfiyyətli, təhlükəsiz səhiyyə xidmətlərinin göstərilməsi üçün fundamental dəyərlərə əsaslanan innovasiyalara əsas vasitə kimi yanaşılması məqsədəuyğundur.
Mütəxəssislərin “Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə vətəndaş məmunluğunun təmin edilməsi”, “İİV infeksiyası ilə bağlı mobil tətbiqin təqdimatı”, “İİV infeksiyasının profilaktikasında Lenacapavirin tətbiqi” adlı təqdimatları maraqla qarşılanıb.
Çıxış edənlər İİV/QİÇS-in müayinə və müalicəsi ilə bağlı ətraflı məlumat verib, İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların əhəmiyyətini vurğulayıblar. İİV infeksiyası ilə mübarizə işində əsas diqqəti əhalinin maarifləndirilməsinə, o cümlədən tibb personalının bu istiqamətdə biliklərinin təkmilləşdirilməsinə yönəldiblər.
Sonda mövzular ətrafında interaktiv müzakirələr aparılıb.
