Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Bakı Slavyan Universitetində “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Samirə Vəliyeva xüsusi hazırlanmış təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib. O, cəmiyyətdə məlumatlılığın artırılmasının, xəstəliyin profilaktikasının və erkən diaqnostikanın vacibliyini xüsusilə vurğulayıb.
Çıxış zamanı bildirib ki, Mərkəzdə İİV-lə bağlı müayinə və müalicə xidmətləri anonim və ödənişsiz əsaslarla həyata keçirilir. Tədbir interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Eyni zamanda, İİV/QİÇS-lə bağlı maarifləndirici broşur və bukletlər paylanıb.
