preloader
Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi” keçiriləcək

Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi” keçiriləcək

Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi” keçiriləcək

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri keçirməyi planlaşdırır. Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatının iştirak edəcəyi bu müayinə və maarifləndirmə kampaniyası noyabrın son həftəsi baş tutacaq.

“Avropa İİV-ə testləşmə həftəsi” 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə ilk dəfə 2013-cü ildə keçirilib. O zaman bu təşəbbüsə Avropanın 400-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilatı, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də qoşulub.

Noyabr və dekabr ayları ərzində keçiriləcək tədbirlər İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS haqqında biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədi daşıyır. Aksiyalar zamanı İİV-lə bağlı könüllü müayinə və məsləhət məntəqələrinin təşkil olunması nəzərdə tutulub. Bu məntəqələrdə hər bir insan ödənişsiz və anonim qaydada ekspress-testdən keçərək, 3-5 dəqiqə ərzində infeksiya daşıyıcısı olub-olmadığını müəyyən edə biləcək.

Aksiyaların Bakı və regionların avtovağzallarında, dəmir yolu vağzallarında, böyük ticarət mərkəzlərində, insanların çoxluq təşkil etdiyi ərazilərdə, ali təhsil, səhiyyə ocaqlarında keçirilməsi planlaşdırılır. Bununla yanaşı, paytaxtda əhalinin sıx olduğu yerlərdə səyyar müayinə və məsləhət məntəqələri fəaliyyət göstərəcək. “Avropa İİV-ə testləşmə həftəsi” ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzi mütəxəssislərinin telekanallarda çıxışları və İİV/QIÇS haqqında videoçarx nəzərdə tutulmuşdur. Eyni zamanda, Mərkəzdən regionlara hərəkət edən avtobus və qatarlarda İİV haqqında buklet və broşürlər paylanacaq.

Hesablamalara görə, İİV-ə yoluxmuş hər üç nəfərdən biri bu virusun daşıyıcısı olduğunu bilmir. Virus uzun illər boyu özünü göstərməyə bilər, buna görə də yoluxmuş insanların çoxu bu infeksiyaya tutulmaları barədə çox gec xəbər tutur. Bu da xəstəliyin gec mərhələdə aşkarlanmasına səbəb olur. Mütəxəssislər hesab edir ki, İİV-in ilkin diaqnostikası üçün ən yaxşı metod ekspress-testdir.