Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində çalışan tibb işçiləri arasında “Narkomaniya ilə birgə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyəsinə və narkomalığa qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na daxil olan tədbirlərin icrası məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Respublika Narkoloji Mərkəzlə əməkdaşlıq çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi narkomaniya və onun tibbi-sosial fəsadları ilə bağlı əməkdaşların bilik və bacarıqlarının artırılması, narkomaniya ilə mübarizədə peşəkarlıq səviyyəsinin yüksəldilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsidir.
Tədbiri giriş nitqi ilə açan RQMM-nin direktoru Famil Məmmədov ölkədə həyata keçirilən çoxistiqmətli əks epidemik tədbirlərin əhəmiyyətindən bəhs edərək, son 10 ildə inyeksion narkotik istifadəçiləri arasında İİV-in yayılmasının 2 dəfəyə qədər azaldığını vurğulayıb.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin direktoru Fəzayıl Sadıqov narkotik asılılığı, narkotik istifadəçilərində müşahidə olunan fizioloji və psixoloji pozuntular, bu halların idarə olunmasında müasir yanaşmalar, eləcə də əvəzedici opioid terapiyasının əhəmiyyəti barədə ətraflı məlumat verib. O, narkomaniya ilə mübarizədə tibb işçilərinin rolunun və bu sahədə peşəkar fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir geniş müzakirə şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
