Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyan rayonunda 1 və 4 nömrəli orta məktəblərdə müəllimlər arasında “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edib.
Fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində İİV/QİÇS və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Salyan Regional Laboratoriyasının mütəxəssisi Zabitə Rzayeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb, virus və xəstəliyin yoluxma yolları, onlardan qorunma üsulları və müalicə imkanları barədə ətraflı məlumat verib.
Tədbir interaktiv formatda davam edib, müəllimlərin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
