Bəşəriyyətin İİV, yaxud QİÇS adlandırılan bəlası var. Əsasən qan vasitəsi ilə yoluxan bu virus ömürlük insan orqanizmində qalmaqla onunla bir ömür boyu addımlayır. Cəmiyyətin bir qismi bəlkə də bu sağalmaz virusla bağlı məlumatlı deyildir.
Oxu24.com cəmiyyətdə maarifləndirmə aparmaq, gəncləri bu dəhşətli bəladan qorumaq məqsədi ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə görüşüb,onunla həbsöhbət olub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə müsahibəni təqdim edirik:
Günəş xanım, İİV, QİÇS nədir?
İİV infeksiyası – İnsanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir.
QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir ki, bu mərhələdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.
Virus hansı yollarla keçir?
İnfeksiyaya yoluxmanın 3 əsas yolu vardır:
Cinsi yol – İİV-ə yoluxmuş şəxslə qorunmamış cinsi əlaqələr nəticəsində;
Parenteral yol – İİV-ə yoluxmuş qan və qan preparatlarının köçürülməsi, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimat və məhlullardan istifadə edərkən, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında qeyri steril şprislərdən ümumi istifadə zamanı, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində;
Üçüncü yol isə İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma zamanı.
İİV-ə yoluxduğumuzu necə hiss edə bilərik? İlkin əlamətləri varmı?
İlk öncə onu qeyd etmək istərdim ki, İİV-infeksiyası spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ ayırd olunur. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxmuş şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə oluna bilər. İlkin mərhələdə xəstələrdə digər virus mənşəli xəstəliklərdə müşahidə olunan simptomokompleks, yəni ümumi halsızlıq, iştahasızlıq, arıqlama, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi, ishal və s. hallar müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Xəstəliyin sonuncu, dördüncü mərhələsi QİÇS sindromu, yəni Qazanılmış İmmunçatışmazlığı sindromu adlanır. Bu mərhələdə xəstələrdə onkoloji xəstəliklər, Mərkəzi sinir siteminin zədələnməsi, ağ ciyərdən kənar üzvlərin vərəmi ilə ağırlaşmalar baş verir. Bəzən, xəstəlik illərlə gizli şəkildə, heç bir kliniki əlamətlər müşahidə olunmadan davam edə bilər və təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır. Bu səbəbdən də, insanların ən azı ildə iki dəfə İİV-ə görə testdən keçmələri tövsiyə olunur. Müayinələr Respublika QİÇS-lə Mübarizə mərkəzində və regional laboratoriyalarda , könüllü müayinə məntəqələrində dövlət hesabına, ödənişsiz, anonim qaydada həyata keçirilir.
İİV-li xəstələrlə cinsi əlaqədə olan şəxslər mütləq İİV-ə yoluxurmu?
İİV virusu ilə yoluxma bir neçə faktorların təsirindən asılıdır. Bunlara İİV-ə yoluxmuş şəxsin qanında virusun səviyyəsi, virulentliyi, İİV-ə yoluxmuş şəxsin antiretroviral müalicə qəbul edib-etməməsi, İİV-lə yaşayan şəxslə kontaktda olan partnyorun İmmunoloji statusunun vəziyyəti, həmin şəxsdə yanaşı xəstəlik və patologiyaların olması və s. faktorlar aiddir. Lakin, bir məqamı yadda saxlamalıyıq ki, İİV virusları ilə yoluxma irqindən, yaşından, cinsindən, sosial statusundan asılı olmadan bütün insanlarda baş verə bilər. Bu məqsədlə, İİV-ə yoluxmanın qarşısının alınmasında profilaktikanın mühüm əhəmiyyəti vardır. Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda istərdim, təmasdan öncə və təmasdan sonra profilaktika barədə də məlumat verim. Artıq ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. Bu İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının sxem üzrə qəbulundan ibarətdir.
Təmasdan sonra profilaktika isə artıq uzun illərdi ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, İİV-lə təmas etmiş şpris ucluqları batan zaman, həmçinin, tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur.
Qeyd edim ki, burada vacib məqam təmasdan sonra 72 saat ərzində müraciət olunmasıdır.
Əlavə olaraq, qeyd olunmalıdır ki, ARV terapiyanın da ən əsas məqsədlərindən biri qanda virusun səviyyəsini müəyyən olunmayan səviyyəyədək endirməklə, epidemioloji təhlükənin, İİV-in yayılmasının qarşısını almaqdan ibarətdir. Ona görə də, İİV-ə yoluxmuş şəxslər müalicə rejimlərinə düzgün əməl etdikləri təqdirdə virusun öz partnyorlarına yoluxmasını minimuma endirirlər.
İİV-in müalicəsi mümkündürmü?
İİV-ə yoluxmuş şəxslərin müalicəsi ARV terapiya adlanır. ARV terapiyanın bir neçə məqsədləri vardır:
Epidemioloji – orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır;
Virusoloji – qanda İİV viruslarının müəyyən olunmayan səviyyəyədək enməsinə səbəb olur;
İmmunoloji- immunitetin bərpa olmasını və davamlı yüksəlməsini təmin edir;
Kliniki- İİV-ə yoluxmuş şəxslərdə ikincili ağırlaşmaların və fəsadların inkişafıının qarşısını alır;
Sosial-həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının azaldılması.
Burada ən vacib nüans müalicənin ömürlük olmasıdır. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar Mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir. Onu qeyd edim ki, müalicənin bütün xəstələrə əlçatanlığını təmin etmək məqsədilə dərman preparatları dövlət tərəfindən, ödənişsiz şəkildə, konfidensiallıq prinsipi qorunmaqla təmin olunur. Dərman preparatlarının təminatı hər bir İİV-lə yaşayan şəxsə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilir. Regionlarda yaşayan xəstələrin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə, ARV preparatların təminatı regional mərkəzlər tərəfindən davamlı aparılır.
İİV-in müalicəsində hansı dərmanlardan istifadə olunur?
İİV/QİÇS-in müalicəsi ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb və aparılmaqdadır. Hazırda ÜST-ün tətbiq etdiyi son müalicə strategiyasını bütün dünya ölkələri tətbiq edir. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır. Məlumat üçün bildirmək istərdim ki, İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün müalicəsi də ömürlükdür. Hazırda müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun replikasiyasının qarşısını almaqla onun qanda müəyyən olunmayan səviyyəyə qədər endirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-ə yoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısının alınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyinin azaldılması baş verir.
Əlbəttə, İİV infeksiyasının müalicəsində ötən illər ərzində çox mühüm irəliləyişlər əldə olunub. Hazırda müalicədə ÜST tərəfindən aparılan tədqiqatlarla effektivliyi sübut olunaraq tövsiyyə edilən müalicə sxemlərindən istifadə olunur. İnfeksiyanın yeni aşkarlandığı və müalicənin ilk tətbiq edildiyi illərdə müalicə sxemində çoxlu sayda həblərin qəbulundan istifadə olunurdusa, bu gün artıq xəstələr rahat qəbul olunan, əlavə təsirləri qeydə alınmayan kombinəolunmuş 1 tabletin qəbulu ilə müalicələrini davam etdirirlər. Azərbaycanda da İİV-ə yoluxmuş şəxslərin müalicəsi ÜST-ün son tövsiyələrinə uyğun qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılır. İİV-ə yoluxmuş şəxslərin müayinə və müalicəsi dövlət hesabına, ödənişsiz, konfidensiallıq prinsipi qorunmaq şərtilə, könüllü qaydada həyata keçirilir. Onu qeyd edim ki, müalicənin bütün xəstələrə əlçatanlığını təmin etmək məqsədilə regionda yaşayan pasiyentərə ARV preparatlar regional İİV laboratoriyaları vasitəsilə çatdırılır.