Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları ölkəmizdə İİV-ə müayinələrin əhatə dairəsinin genişləndirilməsi, İİV infeksiyasının erkən mərhələdə aşkaralanması və İİV-lə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 12 inzibati ərazidə (Fizuli, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab) yerləşən dövlət tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib.
Təşkil olunan görüşlərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova, baş tibb qardaşı Məhəmməd Həsənov və Yevlax və Mingəçevir regional laboratoriyalarının müdirləri Mətanət İmanova, Yeganə Aslanova iştirak ediblər. Görüşlər zamanı İİV infeksiyası ilə bağlı mövcud epidemioloji vəziyyət haqqında geniş məlumat verilib, İİV-in aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu barədə qarşılıqlı müzakirələr aparılıb, İİV-ə müayinələrin aparılmasının və erkən aşkarlanmanın vacibliyi vurğulanıb.
İİV infeksiyası ilə bağlı müayinə üçün toplanan qan nümunələrinin Mərkəz tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsilə nəqli üzrə şəraitin təşkili və praktik iş şərtlərinin müəyyənləçdirilməsi, onların icrasına ciddi nəzarətin vacibliyi müzakirə olunub.


