preloader
Qəbul şöbəsi

Qəbul şöbəsi

Qəbul şöbəsi süzgəc qismində əsas aparıcı rola malikdir

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizı Mərkəzinin Qəbul şöbəsi İİV-lə (insanın immunçatışmazlığı virusu) mübarizə xidmətinin ilk dövründən yaranıb. O vaxt tələbə uyğun olaraq Mərkəz tərkibində anonim müayinə şöbəsi təşkil olunmuşdu. Zaman keçdikcə və müayinə olunanların sayı, o cümlədən müəssisələrdən müayinə üçün daxil olan qan nümunələrinin axını artdıqca, xüsusi qəbul bölməsinin zəruri olması ortaya çıxıb. Beləliklə şöbə, İİV statusunu müəyyənləşdirmək məqsədilə müraciət edənlərin kəskin artması, müayinələrinin qeydiyyatı və nəticələri üzrə sənədlərin verilməsi zərurəti ilə bağlı təşkil edilib.

Şöbənin əsas funksiyası əhali arasında İİV-ə yoluxmuş insanların aşkar edilməsinin təşkilidir. Qəbul şöbəsində İİV statusunun müəyyənləşdirilməsi məqsədilə RQMM-ə şəxsən müraciət edən, o cumlədən anonim qaydada müayinədən keçməyi arzulayan vətəndaşların qan nümunələri götürülür və laboratoriyaya çatdırılır. Eyni zamanda, tibb müəssisələrinin pasiyentlərindən götürülmüş qan nümunələri Qəbul şöbəsində qeydiyyatdan keçdikdən sonra müayinəyə göndərilir.

Beləliklə, mənbəyindən asılı olmayaraq, İİV-ə skrininq məqsədilə götürülən qan nümunələri Qəbul şöbəsi tərəfindən qəbul edilir və qeydiyyata salınır.

Qəbul şöbəsi müayinə nəticəsi şübhəli olan qan nümunələrinin referens müayinə üçün qəbulu ilə də məşğuldur. Nəticəsindən asılı olmayaraq müayinələrin cavabı şöbənin elektron bazasında toplanılır və qorunur.

Şöbənin nəzdində anonim müayinə kabineti fəaliyyət göstərir. Burada müraciət edən şəxslə könüllü surətdə İİV-ə müayinə və məsləhətləşmə aparılır. Anonim müayinə keçən şəxs, (müayinə nəticəsi şübhəli yaxud müsbət olduqda və geniş müayinəyə ehtiyac yarandıqda) anonimliyini pozmaq istəyərkən onun qeydiyyatının konfidensiallığına dövlət zəmanəti verilir.

Qəbul şöbəsi RQMM-in təşkil etdiyi kütləvi müayinə aksiyalarında iştirak edir və əhalinin İİV-lə bağlı bilik səviyyəsinin yüksəldilməsində onun diqqətinin İİV-infeksiyasının profilaktikasına yönəldilməsinə səylər göstərir. RQMM-in Qəbul şöbəsi İİV-li şəxslərin aşkarlanaraq müalicəyə cəlb olunmasında süzgəc qismində əsas aparıcı rola malikdir.