Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sağlam həyat – etibarlı gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və İİV-lə bağlı müayinə aparılıb.
Aksiya iştirakçılarına sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıblar. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ağır fəsadların qarşısının alınmasının mümkünlüyü tələbələrin diqqətinə çatdırılıb. Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb.
İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib. Həmçinin, RQMM-nin əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
